Azərbaycan Britaniya Məzunları Birliyi “Təhsil üçün əl-ələ” layihəsini elan edir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək olan layihə çərçivəsində seçilmiş kənd məktəblərinin 9-10-cu sinif şagirdləri ilə görüşlər, 30 şagird üçün yay düşərgəsi, məzunlarla görüş nəzərdə tutulur. Məktəblərə ziyarətə gedəcək komanda tərkibində olacaq məzunlar məktəblilərlə təhsilin önəmi, öz uğur hekayələri, seçiləbiləcək spesifik ixtisaslar, bakalavr təhsili boyu vaxtın səmərəli istifadəsi, xaricdə təhsili davam etdirməyi planlaşdırma, təqaüd imkanları ilə bağlı söhbət edəcək, layihə çərçivəsində dəvət olunacaqları yay düşərgəsi və seçim prosesi barədə məlumat verəcəklər.
Seminar veriləcək 10 məktəbin hər birindən 3 şagird olmaqla 30 məktəbli Bakıda keçiriləcək 5 günlük yay düşərgəsinə dəvət ediləcək. Hazırda şagirdlərin seçim üsullarının müəyyənləşdirilməsi üzərində iş gedir. Düşərgə müddətində məktəblilərin müxtəlif universitetlərə tanışlıq görüşərinə aparılması, hər gün müxtəlif sahə üzrə ixtisaslaşmış Britaniya məzunu ilə görüşləri və məktəblilər arasında müxtəlif intellektual-əyləncəli oyunlar keçirilməsi nəzərdə tutulur.